Bu gündən www.aicc.az -da  “Qanun nə deyir” adlı yeni rubrikaya başlayır. Rubrikanın məqsədi insanların qarşılaşdığı hüquqi problemlərin həllində onlara kömək etmək, istiqamət vermək, maarifləndirməkdir.

Sual : İş yoldaşımın götürdüyü kreditə görə zamin dayanmışdım. Kreditin bir hissəsi ödəniləndən sonra iş yoldaşım vəfat etdi. Ona görə də ödənişlərdə gecikmə yarandı. Bank həm mənə, həm də iş yoldaşımın vərəsəsinə (arvadına) qarşı iddia qaldırıb və pulu bizdən tələb edir. Halbuki mən yalnız iş yoldaşıma zamin dayanmışdım. İş yoldaşımın ölümü nəticəsində zaminlik də bitməli deyilmi?

Cavab.

Ümumi qayda ondan ibarətdir ki, öhdəlik münasibətləri hansı şəxslər arasında meydana gəlibsə, mövcudluğunu həmin şəxslər arasında davam etdirir və bitir. Lakin bəzi hallarda öhdəliyin aktiv (kreditor) və ya passiv (borclu) tərəfində dəyişiklik olması mümkündür. Əmlakın vərəsəlik yolu ilə keçməsi halında miras qoyan borcludursa, onun yerinə vərəsələr borclu kimi çıxış edirlər. Kredit borcu miras passivi kimi iş yoldaşınızın arvadına keçib. Yəni bankla bağlanmış kredit müqaviləsinin tərəfi (borc alan) kimi o, miras qoyanı/ərini əvəz edib (Azərbaycan Respublikası Mülki Məcəlləsi, m. 1133.1, 1151.1).

Bu hal, sizinlə bank arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi üçün əsas deyil. Belə ki, adıçəkilən Məcəllənin zaminliyə xitam verilməsi əsaslarını müəyyənləşdirən 477-ci maddəsində əsas öhdəlik üzrə borclunun ölümü xitamvermə əsası kimi nəzərdə tutulmayıb. Həmin Məcəllənin 477.0.2-ci maddəsində nəzərdə tutulmuş əsas (“Əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, zaminliyə xitam verilir”.) öhdəliyin tərəfinin vərəsəlik yolu ilə dəyişməsi halını tənzimləmir; həmin əsas kreditor (konkret halda, bank) və yeni borclu (hər hansı üçüncü şəxs) arasında bağlanmış müqavilə əsasında əsas öhdəliyin (konkret halda, kredit müqaviləsi üzrə öhdəliyin) passiv (borclu) tərəfində baş verən dəyişikliyə şamil oluna bilər. Bu mənada sözügedən Məcəllənin 477.0.2-ci və 525-ci maddələri arasında bağlılıq var. Çünki 525-ci maddəyə görə, tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir. Əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstərişlər tətbiq olunmur.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *